Siyasət
AXCP hakimiyyəti fəalların hesablarına kiberhücumlarda ittiham edir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaydığı bəyanatda hakimiyyəti sosial şəbəkələrdə partiya fəallarının hesablarına kiberhücumlarda ittiham edib.
"13 apreldən AXCP sədri Əli Kərimlinin mobil və daimi interneti hakimiyyət tərəfindən kəsilmişdir. Onun xidmətindən istifadə etdiyi SAZZ şirkəti 17 apreldən təmir üçün modemi aparsa da hələ də geri gətirməmiş və bu barədə hər hansı açıqlama və birbaşa məlumat verməmişdir. Bu günə qədər cəmi bir dəfə 3 saatlığına Əli Kərimlinin mobil interneti verilmiş sonradan kəsilmişdir", deyə bəyanatda bildirilir.
Haker hücumları nəticəsində AXCP Gənclər Komitəsinin rəhbəri Emil Səlimin, Rəyasət Heyətinin üzvü İlham Hüseynin, gənc fəallar Orxan Səlimzadə və Emin Manıyevin Facebook-dakı hesabları ələ keçirilib.
Bundan başqa, Rəyasət Heyətinin üzvləri və keçmiş siyasi məhbuslar Fuad Qəhrəmanlı, Asif Yusifli və Məmməd İbrahimin adından başqa sosial şəbəkələrdə saxta hesablar açılıb və bu hesablardan cəmiyyətdə yanlış rəylər yaratmaq və təxribat törətmək cəhdləri edilir.
AXCP bəyan edir ki, baş verənlər qanunla cinayət hesab olunan əməldir və bunun dövlət orqanları tərəfindən edilməsi həm təhlükəli, həm də utancverici mənzərə yaradır.
AXCP hesab edir ki, dövlət səviyyəsində sanksiyalaşdırılmış kibercinayətkarlıq siyasi rəqiblərə qarşı bir təzyiq mexanizmi kimi işlədilir, siyasi hüquq və azadlıqları, eləcə də şəxsi həyatın toxunulmazlığını ciddi şəkildə pozur.
Partiya dövlət səviyyəsində həyata keçirilən bu kibercinayətlərə son qoymağı tələb edir. "Hakimiyyət anlamalıdlr ki, cəmiyyətdə ikrah yaradan, Azərbaycan dövlətinin beynəlxaq səviyyədə imicinə ciddi zərbə vuran, bu cür qanunsuz əməllərlə demokratik müxalifətin diqqətini cəmiyyətin sosial problemlərindən yayındırmaq mümkün olmayacaq", deyə bəyanatda qeyd edilir.
Partiya hesab edir ki, hazırki böhran vəziyyətindən çıxış ölkədə real islahatlara başlamaqdan və cəmiyyətin tələblərini eşitməkdən keçir.